ATU-nun məzunu Fransada əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib
08 YANVAR
92

ATU-nun məzunu Fransada əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib

Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin doktorantı Elnur Qarayev Fransanın Eks-Marsel Universitetində əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib.

Universitetdən  bildiriblər ki, E.Qarayev ATU-nun əczaçılıq kimyası kafedrasının və eyni zamanda, Eks-Marsel Universitetinin doktorantı kimi elmi tədqiqatlarını Fransada “Farmakoqnoziya və etnofarmakologiya” laboratoriyasında yerinə yetirib. 2017-ci ilin dekabrında isə “İnula montana (Dağ andızı) bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi“ adlı dissertasiya işini müdafiə edərək, Fransa Eks-Marsel Universiteti tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

ATU-nun əczaçılıq kimyası kafedrasının müdiri professor Tahir Süleymanovun sözlərinə görə, E.Qarayev dissertasiya işində bitkinin kimyəvi tərkibini öyrənib. Mövsümdən asılı olaraq maddələrin miqdarca necə dəyişdiyini xarakterizə edib və alınan bioloji fəal maddələrin farmakologiyasını geniş tədqiq edib. Tədqiqatlar zamanı bitkidən ümumilikdə 27 fərdi maddə alınıb və müasir analitik üsulların köməyi ilə identifikasiya edilib: “Qeyd etmək lazımdır ki, bitkidən ayrılan bu maddələrdən altısının indiyə qədər elmə məlum olmayan yeni maddə olduğu sübut edilib. Dissertasiya işinin bəzi fraqmentləri Fransada keçirilən beynəlxalq konfranslarda məruzə edilib və Hollandiyanın nüfuzlu “Elsevier” mətbu orqanına daxil olan “Fitoterapiya” və “Flora” kimi yüksək impakt faktorlu elmi jurnallarda çap olunub”.

Qeyd edək ki, E.Qarayev 2011-ci ildə ATU-nun əczaçılıq fakültəsinin bakalavr pilləsini bitirib. 2013-cü ildə magistr təhsilinin son yarım ilində eksperimentlərin aparılması məqsədi ilə ATU və Eks-Marsel Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən, Fransaya ezam olunub. ATU-da magistr pilləsini bitirdikdən sonra Fransada magistraturaya daxil olub. O, “Cephalaria media bitkisinin kimyəvi-toksikoloji analizi” adlı magistr dissertasiya işini Eks-Marsel Universitetində fransız dilində müdafiə edib və onun tədqiqat işi həmin universitetin alimlərinin marağına səbəb olub. Elmi tədqiqatlarını davam etdirmək üçün E.Qarayevi universitetin “Farmakoqnoziya və etnofarmakologiya” laboratoriyasına dəvət ediblər.

Rus, ingilis və fransız dillərində səlis danışan E.Qarayev 20-yə qədər elmi işin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır