Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib
09 YANVAR
90

Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) böyrək xəstəlikləri və transplantologiya şöbəsində nadir və mürəkkəb əməliyyat icra olunub.

Mərkəzdən  bildiriblər ki, 48 yaşlı qadın xəstənin böyrəküstü vəzində meydana çıxan törəmə qapalı yol ilə xaric edilib.

Bu barədə böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, əməliyyatı icra edən cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan məlumat verib.

Həkim deyib: “Pasiyent çox ciddi endokrinoloji problemlərlə RMDM-ə müraciət edib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Əvvəllər xəstənin qarın boşluğunda müxtəlif açıq əməliyyatların keçirilməsinə baxmayaraq, bu əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib. Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla başa çatdırılıb. Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir”.

Qeyd edək ki, RMDM-in böyrək xəstəlikləri və transplantologiya şöbəsində urologiya və nefrologiyanın bütün sahələri üzrə xəstələrə peşəkar xidmət göstərilir.

RMDM-də aparılan mürəkkəb və unikal əməliyyatlar barədə məlumatlar beynəlxalq media və elmi nəşrlərdə də yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır