Qan təzyiqindən əziyyət çəkən insanların sayı getdikcə artır
07 FEVRAL
220

Qan təzyiqindən əziyyət çəkən insanların sayı getdikcə artır

Dünya əhalisinin 30%- i hipertaniya (qan təzyiqi) xəstəliyindən əziyyət çəkir. Xəstəlik uzun müddətli baş verərsə, insanın daxili orqanlarını sıradan çıxarır, onun əhval-ruhiyyəsinə ciddi təsir edir.

Son illər Azərbaycanda da qan təzyiqindən əziyyət çəkən insanların sayı getdikcə artır. Bəs buna səbəb nədir?

Həkim terapevt Tural Qənbərli bildirib ki, elm, texnika, sivilizasiyanin inkişafı insan əməyinin rolunu azaltmaqla bəzi işlərdə effektli olduğu kimi, insan ömrünə mənfi təsiri də yan keçmir: “Hipodinamiya-hərəkətin məhdudlaşması, iş rejimin ağır olması digər faktorla yanaşı, təzyiq xəstəliyinin sürətlə artmasına, cavanlaşmasına səbəb olur. Bu səbəbdəndir ki, inkişaf etmiş ölkələrdə ölümün səbəbinə görə ürək-damar xəstəlikləri birinci yerdə durur. İnkişaf etməkdə olan və digər ölkələrdə isə ölümün səbəbləri arasında infeksion xəstəliklər ilk sıradadır. Təzyiq xəstəliyi 95% hallarda sərbəst xəstəlik olaraq, daxili orqanlarda heç bir problem olmadan inkişaf edir, digər 5 % hallarda isə hansısa xəstəliyin əlaməti olaraq ikincili təzyiq xəstəliyi kimi yaranır”.

Tural Qənbərlinin sözlərinə görə, ikincili təzyiq böyrək patologiyalarında, endokrin vəz şişlərində, genetik meyilli insanlarda və s. hallarda yaranır: “Əgər təzyiqə təsir edəcək dərman preparatı qəbul etməmisizsə və günün müxtəlif vaxtlarında təzyiqinizi 3 dəfə ölçəndə göstərici 140/90-dan yuxarıdırsa, artıq hipertoniya -təzyiq xəstəliyi haqqında düşünmək olar. Belə vəziyyətdə terapevt həkiminiz və ya kardioloqunuzun müayinəsindən keçməyiniz tövsiyyə olunur. Bəzi insanlar var ki, genetik olaraq təzyiq xəstəliyinə meyillidir, bədən çəkisinin normadan artıq olması – bədən-kütlə indeksinin 25-dən yuxarı olması ilə yanaşı şəkərli diabetin olması, xörək duzundan aşırı istifadə və s. bu kimi riskli insanlar daha diqqətli olmalıdır. Vaxtında qoyulan düzgün diaqnoz və təyin edilmiş müalicə uzun və problemsiz yaşamağınız üçün vacibdir”.

Dietoloq Əfsanə Əliyeva bildirdi ki, qan təzyiqinin artmasına ən əsas səbəb artıq çəkidir: “Bundan başqa, qidalandığımız yeməklər, şirniyatlar, şokoladlardan çox istifadə etmək olmaz. Əsəb, stress, gərginlik psixoloji durum insanların qan təzyiqindən əziyyət çəkməsinə səbəb olur”.

Əfsanə Əliyevanın sözlərinə görə, bu problemin qarşısını almaq üçün aktiv həyat tərzi əsas şərtlərdən biridir: “ Bununla bərabər, mülayim hava və ev şəraitində hərəkəti artırmaq, yeməklərdən düzgün, sağlam və balanslı şəkildə qidalanma, vaxtında yatmaq, eyni zamanda vaxtında yuxudan qalxmaq lazımdır”. (Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır