Həkim: “Hər çəki artıqlığı xəstəlik deyil” – MÜSAHİBƏ
08 FEVRAL
244

Həkim: “Hər çəki artıqlığı xəstəlik deyil” – MÜSAHİBƏ

Bir çoxları üçün artıq çəki əsl problemə çevrilib. İnsanlar artıq çəkidən qurtulmaq üçün müxtəlif dieta yollarından istifadə edirlər. Bəs görəsən bu yollar insan sağlamlığı üçün hansı təhlükələr yaradır? Tibb.fins.az xəbər verir ki, Foodinfo.az-ın mövzu ilə bağlı suallarını endokrinoloq Səbinə Məşədiyeva cavablandırıb. Müsahibəni təqdim edirik:

– Dietanı qısaca olaraq insanlara necə izah edərdiniz?

– Pəhriz sağlam, rasional və düzgün qidalanma deməkdir. Sağlam adamların qidalanmasında, gündəlik rasionunda zülalların, karbohidratların, yağların, mikroelementlərin miqdarı düzgün seçilməlidir. Qida təbii vitaminlərlə zəngin olmalıdır. Xəstəliklər zamanı pəhriz dəyişə bilər. Amma əsas prinsiplər dəyişməməlidir. Hər xəstəliyin öz xüsusi pəhrizi ola bilər. Onları həkim-ixtisasçı xəstələrə fərdi şəkildə izah edir.

– Bu, sağlamlıq üçün ziyandır, yoxsa faydalı?

– Düzgün qidalanma ancaq faydalı ola bilər. Xəstəliklər zamanı isə xüsusi pəhrizlər zəruridir, onlar müalicənin bir hissəsidir. Bəzi xəstəliklərdə isə əsas hissəsidir.

– Dieta dedikdə insanların çoxu ac qalmağı düşünür. Bu yanaşma doğrudurmu?

– Xeyr, düzgün deyil. Hətta orucluqda rasional pəhriz saxlanılır. Bir də, kökəlmənin səbəbini öyrənmək lazımdır. Bu proses hansısa ciddi bir xəstəliklə bağlı ola bilər. Və ümumi pəhrizlər bu hallarda kömək yerinə ziyan gətirə bilər. Bəzən eşidirik ki, kimsə pəhriz saxladı, amma əksinə, kökəldi.

– Dieta arıqlamaq, yoxsa sağlamlıq üçündür?

– Pəhriz ancaq sağlamlıq üçündür. Arıqlıq sağlamlıq demək deyil. Yaxud, bir az çəki artıqlığı xəstəlik deyil. Əvvəl dediyim kimi, hər xəstəliyin öz pəhrizi var və bu pəhrizlər sağlamlıq üçün tərtib olunub.

– İnsanlara dietada yansı yolu seçmələrini məsləhət görürsünüz?

– İnsanlar ilk növbədə həkim məsləhətindən sonra hansısa pəhrizə başlaya bilər. Həkim müayinəsindən sonra aydınlaşır ki, hansı səbəbdən bu və yaxud o insanda kökəlmə gedir. Mütəxəssisin konsultasiyasından sonra müəyyən pəhriz təyin edilir.

Image result for dieta
Image result for dieta

– Normal insan gün ərzində neçə dəfə yeməlidir? Bəs çəkisini atmaq istəyənlər?

– Sağlam insanlar sutka ərzində iki-üç dəfə qidalanmalıdır. Çəkisini atmaq istəyənlər həkim konsultasiyasından sonra biləcəklər ki, neçə dəfə qidalanacaqlar: iki-üç və yaxud dörd-beş.

– Çörəklərdən hansı növ olanları almağı məsləhət görürsünüz?

– Keyfiyyətli, təmiz məhsulu almaq məsləhət görürəm. Növü və miqdarını yenə də həkim təyin edir.

– Bəs yağ? İnsanlar evə yağ alarkən hansı yağlara üstünlük verməlidir?

– Əlbəttə, əvvəlcə məhsulun hazırlanma tarixinə fikir verməlidirlər. İstehsal edilən yerə, keyfiyyətə və s. Kərə yağı və zeytun yağı məsləhət görülür. İsti yeməklər üçün ərinmiş yağ və qara zeytun yağı, soyuq yeməklər üçün yaşıl zeytun yağı məsləhət görülür. Səhər yeməyində 30 qrama qədər kərə və ya nehrə yağı məsləhət görülür.

Image result for dietoloq
Image result for dietoloq

– Marketlərdə “nehrə yağı” adı ilə satılan yağların faydası və ya zərəri varmı?

– Marketlərdə satılan məhsulları xüsusi qurumların nümayəndələri nəzarətdən keçirməlidir. Əsl nehrə yağı, təmiz və təzə məhsul xeyirlidir. Miqdarını yenə həkim məsləhətindən sonra demək olar. Sağlam adam səhər yeməyində 30 qrama qədər istifadə edə bilər. Bəzi isti xörəklərin hazırlanmasında da istifadə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır