Dərmanlar keyfiyyətsizdir - iddialarına nazirlikdən CAVAB
21 FEVRAL
492

Dərmanlar keyfiyyətsizdir - iddialarına nazirlikdən CAVAB

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycandakı dərmanların keyfiyyətsizliyi üzündən bir çox hallarda xəstələrin müalicəsinin effektiv olmaması ilə bağlı məlumatlara münasibət bildirib.

Tibb.fins.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Çingiz Şükürov deyib ki, müalicənin effektiv olmaması dərmanın keyfiyyətsız olmasına görə deyil, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən ola bilər:

"Hər bir insan orqanizmi fərdidir, buna görə də hər bir orqanizmə individual yanaşmaq lazımdır. Ola bilər ki, xəstəyə düzgün diaqnoz qoyulmaması səbəbindən həmin dərman vasitələrinin müalicə üçün xeyri olmur. Çünki müalicə üçün düzgün dərman seçilməyib. Amma diaqnoz düzgün qoyulduqda həmin xəstəliyin müalicəsi üçün lazım olan təsiredici maddə düzgün seçilərsə, müalicə öz effektini verir. Yəqin ki, dərman xəstəyə individual olaraq təsir göstərməyə bilər. Bu da insan orqanizmindən asılıdır. Hər bir təsiredici maddələr üçün alternativlər var".

Ç.Şükürov bildirib ki, dərman vasitələrinin keyfiyyəti laboratoriyalarda dəqiqliklə yoxlanılır və onun tərkib maddələri dəqiq təyin edilir.

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı və ekspertizası şöbəsinin baş mütəxəssisi Ulduz Eyvazova isə bildirib ki, çox zaman dərmanın əlavə təsirinin aşılması zəhərlənmələrə səbəb olur:

"Məsələn, göz damcısı, yaxud şərbət açıldıqdan sonra müəyyən müddət ərzində istifadə edilməlidir. Lakin buna riayət edilmir. Ona görə də dərman zəhərlənmələrinə dərmanın keyfiyyətsizliyi deyil, doza həddinin aşılması səbəb olur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır