Müalicəsi mümkün olmayan xəstəlik
05 MART
1504

Müalicəsi mümkün olmayan xəstəlik

Uzun illər öncə aşkarlanan və tibb aləminin bu qədər inkişaf etməsinə baxmayaraq, bu günədək tam müalicəsi tapılmayan xəstəliklərdən biri də dağınıq sklerozdur.

Dünyada 2 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu xəstəliyin daşıyıcıları var. İsti iqlimə malik ölkələrdə, məsələn, Hindistan, Yaponiyada bu xəstəliyə az, rütubətli iqlimi olan ölkələrdə - İngiltərə, Kanada, ABŞ-da - isə daha çox təsadüf edilir. Dağınıq skleroz sinir sisteminin xroniki xəstəliklərindəndir. Bəzən buna "çoxlu skleroz", bəzən də məşhur fransız nevropatoloqu Şarkonun söylədiyi kimi, "düyünlər sklerozu" da deyilir.

Mərkəzi sinir sisteminə ağır zərbə

Həkim-nevropatoloq Maya Nəbiyeva deyir ki, dağınıq skleroz xəstəliyi remissiyalarda cərəyan edib, mərkəzi sinir sistemində çoxməhəlli pozğunluqlar yaradır. İlk növbədə, piramidal və beyincik yolları pozulur. Xəstəlik baş və onurğa beynində çoxsaylı dağınıq demielinizasion zədələnmə ocaqlarının əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəliyin meydana çıxmasında irsi amillər də əsas rol oynayır:

"Patoloji-anatomik olaraq xəstəliyin başlanğıcında sinir liflərinin mielin qişası pozulur. Dağılmış mielin qişa əvəzinə yeni mielin bərpa olduqda pozulmuş funksiyalar da bərpa olur. Bununla da dağınıq sklerozun remissiyalarla cərəyan etməsi aydınlaşır. Get-gedə proses oxlu silindrə keçib onun funksiyasını tamamilə pozur. Həmin yer tədricən sərtləşir, burada boz-çəhrayı, yaxud boz rəngli düyünlər əmələ gəlir. Həmin düyünlər ən çox onurğa beyninin ağ maddəsi və beyincikdə yerləşir. Bəzən bu düyünlər mərkəzi sinir sisteminin digər nahiyələrində də tapıla bilər".

Xəstəlik hansı yaşda başlayır?

Həkimin sözlərinə görə, dağınıq skleroz əsasən 15-50 yaş arası təzahür edir. Xəstəliyin başlanğıcında xəstələr ümumi zəiflikdən, tez yorulmadan, başgicəllənmədən, müvazinətsizlikdən, gözdə ikiləşmədən, görmə qabiliyyətinin zəifləməsindən şikayətlənirlər. Xəstəni müayinə etdikdə sümüküstlüyü reflekslərinin yüksəldiyi, patoloji reflekslərin meydana çıxdığı ayırd edilir. Xəstənin yerişi sərrast olmur, tez-tez o tərəf-bu tərəfə yıxılır, burun-barmaq, diz-daban üsullarının cavabı müsbət olur:

"Patoloji prosesin get-gedə mərkəzi sinir sistemində yayılması ilə əlaqədar olaraq çoxməhəlli proses, müvazinət sistemləri və görmə sinirinə aid pozğunluqlar tam aydınlığı ilə təzahür edir. İlk növbədə aşağı ətraflarda spastik parez müşahidə olunur. Vətər refleksi yüksəlir, qarın refleksi zəifləyir, daha sonra tamamilə itir, patoloji reflekslər meydana çıxır. Xəstənin yerişi spastik-paretik xarakter daşıyır. Sümüküstlüyü refleksi yüksəlir. Parez dərinləşib, tam iflicə çevrildikdə xəstə gəzə bilmir".

Görmə zəifləyir, amma göz dibində dəyişiklik tapılmırsa...

Nevropatoloq bildirir ki, xəstəliyin başlanğıcında xəstənin görmə qabiliyyəti zəifləyir. Bu zaman, demək olar ki, göz dibində dəyişiklik tapılmır. Müəyyən vaxt keçdikdən sonra görmə məməciyinin gicgah tərəflərdən solduğu aşkar edilir, bu isə gələcəkdə görmə sinirinin atrofiyasına səbəb olur:

"Hissiyyat sistemi prosesə bir o qədər cəlb olunmur. Mərkəzi sinir sistemində sklerotik düyünlərin yerləşməsindən və miqdarından asılı olaraq dağınıq skleroz xəstəliyinin müxtəlif klinik formaları təzahür edir. Sklerotik düyünlər ən çox onurğa beyninin yan ciyələrində yerləşib piramidal dəstələrini pozarsa, bu zaman spinal forma meydana çıxır. Aşağı ətraflarda spastik iflic əlamətləri baş verir. Bu düyünlər beyincikdə çox yerləşəndə xəstəliyin beyincik forması baş verir".

Dağınıq sklerozun serebro-spinal forması - bu, nədir?

M.Nəbiyevanın sözlərinə əsasən, dağınıq skleroz xəstəliyinin serebro-spinal forması tez-tez təsadüf olunan formadır. Bu zaman sklerotik düyünlər həm baş və həm də onurğa beynində yayılmış olur. İlk növbədə, müvazinət pozğunluğu nəzəri cəlb edir. Nistaqm, intension titrəmə və hecavi nitq kimi əlamətlərlə yanaşı, qarın refleksinin itməsi, görmə siniri məməciyinin gicgah tərəflərdən solması və sair əlamətlər xəstəliyin serebro-spinal forması zamanı müşahidə olunur. Əlavə infeksion xəstəliklər dağınıq sklerozun cərəyanını daha da ağırlaşdırır. Xəstəlik, adətən, əlilliyə səbəb olur. Bəzən ölümlə nəticələnir.

Xəstəliyi müalicəyə tabe etmək mümkündür?

Həkim-nevropatoloq qeyd edir ki, dağınıq skleroz xəstəliyinin başlanğıcında həkim tərəfindən düz diaqnoz qoyulub müalicə təyin edildikdə müsbət nəticə əldə olunur. Xəstəliyin kəskinləşməsi zamanı həkim tərəfindən müvafiq müalicə kursu təyin edilir. Kortikosteroidlər istifadə olunur. Xəstəliyin proqressivləşməsinin qarşısını almaq üçün də xəstəyə xüsusi dərman preparatlarından ibarət müalicə kursunun təyin edilməsi mütləqdir:

"Bəzi hallarda xəstəlik nisbətən yüngül keçir, müalicəyə tabe olur. Dəqiq diaqnoz qoyulduqda, lazımi müalicə kursu təyin edildikdə xəstə uzun illər normal həyatına davam edir. Ancaq bəzi hallarda xəstəlik sürətlə inkişaf edir və bir neçə ilə xəstənin əmək qabiliyyəti itir. Xəstənin qidası vitaminlərlə zəngin və yüksək keyfiyyətli olmalıdır. Profilaktika məqsədilə ağırlaşmaların qarşısını almaq üçün xəstəni yorulmaqdan, travmadan, soyuqdəymədən, infeksiyadan qorumaq lazımdır".

Dağınıq skleroz xəstəliyi qanunda

Qeyd edək ki, ötən il "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun layihəsi qəbul edilib. Bu sənəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin ilk bəndinə əsasən, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını nəzərdə tutur, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsində qeyd olunur ki, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan, irəliləyən, gedişli xroniki xəstəliyə deyilir. Qanun layihəsində göstərilir ki, bu xəstəliyə tutulub, əmək qabiliyyətini itirən şəxslər dövlət tibb və sosial müdafiə müəssisələrində pulsuz tibbi və sosial yardımlar ala bilərlər. Həmçinin, bu xəstəliyə tutulmuş 18 yaşına çatana qədər sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş və bu yaşdan yuxarı şəxslərə əlillik müddətsiz təyin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır