Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyata imza atıblar
30 AVQUST
204

Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyata imza atıblar

Azərbaycan Tibb Universitetinin (ATU) həkimləri mürəkkəb əməliyyatı icra etməklə ölkəmizin səhiyyə tarixində daha bir uğura imza atıblar. Belə ki, 67 yaşlı qadının daxili orqanlarını bürümüş törəmə uğurla çıxarılıb.

Universitetin mətbuat xidmətindən azərtac-a bu barədə məlumat verilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazovun sözlərinə görə, 67 yaşlı xəstə qarın nahiyəsinin sol tərəfində küt ağrılardan şikayətlə klinikaya daxil olub: “Qadın qəbzliklə bağlı problemlərlə klinikamıza müraciət edib. Müayinələrdən bəlli olub ki, xəstənin orqanizmində retroperitondan inkişaf edən böyük bir törəmə var. Törəmənin dalağa, yoğun bağırsağa, sol böyrəyə və sol böyrəküstü vəziyə bitişdiyi aşkarlanıb. Bir neçə klinikada ətraflı müayinələrdən keçmiş xəstədə ağır ürək problemləri olduğu da aşkarlanıb. Bu səbəbdən vəziyyətini kritik hesab etdikləri üçün digər klinikalarda xəstəni əməliyyat etməkdən imtina ediblər”.

A.Namazovun sözlərinə görə, bir neçə gün qidalanması pozulan xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etdikdə üzülmüş vəziyyətdə olub: “Bir neçə gün əməliyyata müvafiq hazırlıq aparıldı. Sonra bütün risklər xəstəyə və yaxınlarına izah edilərək, əməliyyata qərar verildi. Xəstədə ciddi dərəcədə qaraciyər çatışmazlığı var idi. Yüksək anesteziyoloji və cərrahi risklə əməliyyat olunan xanımda retroperitoneal nahiyədə inkişaf edən törəmə N blok şəklində xaric olundu. Altı saat davam edən əməliyyat zamanı dalaqla sol böyrək, sol böyrəküstü vəz və yoğun bağırsağın sol hissəsi-yəni sol tərəfli hemikolektomiya icra edildi. Xəstəyə transverzostoma formalaşdırıldı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır