Dəmir yolunda "Sağlamlıq günü" keçirilib
09 OKTYABR 2018
394

Dəmir yolunda "Sağlamlıq günü" keçirilib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş "Sağlamlıq günü" keçirilib. Tədbirin əsas mahiyyəti dəmiryolçuların işindən ayrılmamaq şərtilə profilaktik baxışdan keçirilməsidir.

Tibb.fins.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, qurumun Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, ehtiyac yarandıqda isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyə olunur. Mütəmadi olaraq keçirilən "Sağlamlıq günü" tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.

Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası, eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə dəmiryolçuları Bakı dəmir yolu xəstəxanasının 10 həkimi müayinə edib. Ümumilikdə gün ərzində 82 nəfər xəstəxananın həkimləri tərəfindən tibbi baxışdan keçirilib, 12 nəfərin xəstəxanada müalicə olunması tövsiyə olunub.

Qeyd edək ki, dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş "Sağlamlıq günü" tədbirləri Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb ocaqlarında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır