“150 kiloqramlıq insanda hətta appendisit əməliyyatı da risklidir, nəinki bariatrik” - Taryel Ömərov
02 NOYABR
243

“150 kiloqramlıq insanda hətta appendisit əməliyyatı da risklidir, nəinki bariatrik” - Taryel Ömərov

Son zamanlar dünyada sürətlə çoxalan və müasir insanın piylənmədən xilası üçün ən optimal metod olan barriatrik cərrahiyyə barədə bir çox miflər, şayiələr gəzir. Azərbaycan Bariatrik Cərrahlar Assosiasiyasının rəhbəri cərrah Taryel Ömərov Medicina.az-a müsahibəsində mədə kəsdirmə əməliyyatında son yeniliklərdən və risklərdən danışıb. 
Mədə-bağırsaq sistemində istənilən əməliyyatda fəsadlar, ağırlaşmalar mümkündür.
Bariatrikdə daha çoxdur, çünki bu əməliyyatlar 150-200 kq-lıq pasiyentlərdə aparılır.
Bu çəkidə pasiyentdə istənilən əməliyyat ikiqat riskdir.   
- Taryel həkim, bariatrik cərrahiyyə üzrə risk, ölüm faizi bütün dünyada necədir? Hansı əməliyyatlar dünya protokollarında qəbul olunub? Kimlərə bu əməliyyat olar, kimlərə olmaz? 
- Bariatrik cərrahiyyə dünyada 1954-cı ildən etibarən tətbiq olunmağa başlayıb. 1976-cı ildən bilopankreatik diversiya, 1993-cü ildə qastrik bupass, 2001-ci ildən mədənin boruvari rezeksiyası, el arasında mədə kiçiltmə deyilən əməliyyat bizdə aparılmağa başlanılıb. 
Mən 2 həftə öncə Dubayda keçirilən dünya bariatrik və metobolik cərrahiyyə üzrə beynəlxalq konqresdən gəldim. Dünyada 63 ölkədə artıq bariatrik cərrahiyyə tətbiq olunur. Təkcə ABŞ-da bir il ərzində 228.000 bariatrik əməliyyat aparılıb. Onun 138.000-i mədə kiçiltmə əməliyyatıdır. 
Bu gün apardığımız bütün baritarik əməliyyatlar - mədə şuntlama, mədənin boruvari rezeksiyası FDA standartlarına uyğundur. Son dəbdə olan Mədə botoksu əməliyyatı Avropa, Amerika tərəfindən qəbul olunmayıb. Təbii ki, bütün növ cərrahi əməliyyatlar kimi bu əməliyyatların öz ağırlaşmaları ola bilir. Ümumiyyətlə, mədə-bağırsaq sistemində istənilən əməliyyatda fəsadlar, ağırlaşmalar mümkündür. Bariatrikdə daha çoxdur, çünki bu əməliyyatlar 150-200 kq-lıq pasiyentlərdə aparılır. Bu çəkidə pasiyentdə istənilən əməliyyat ikiqat riskdir. Hətta öd, apendisit əməliyyatı belə. Çəkinin artıq olması anesteziya üçün riskdir. Üstəlik qalın dərialtı piy qatı olması. 
Söz yox ki, bariatrik əməliyyatlardan öncə xəstə dinamiki müayinələrdən keçir. Ürək, qan, ağciyərlər yoxlanılır. Bəzən bir hormonda uyğunsuzluq tapılanda belə əməliyyatı etməkdən vaz keçirik. Bizim bir xəstəmiz var, 247 kiloqramdır, 1 ildir onu əməliyyata hazırlayırıq. Bu xəstənin əməliyyatı ən ağır çəki üzrə bizim rekordumuz olacaq. Bu vaxta kimi ən çox 220 kq-lıq pasiyenti əməliyyat etmişik, hazırda o, 45 kq arıqlayıb. Əməliyyat sonrası ağırlaşmalara steplerdən qanamalar, sızmalar, təzyiqin oynaması ola bilər. O da mənim təcrübəmdə 1-2 dəfə olub.
 
 
Xəstənin qidalanmasında yol verdiyi ehtiyatsızlıq, məsələn qazlı su içməsi, pizza, kabab,
bərk qida yeməsi artıq cərrahın işini heçə endirir.
Bizim insanların problemi də "heç nə olmaz” deməsindədir:
"Filankəs yeyirdi, heç nə olmadı, mən də yeyim”. 
- Mədə kiçiltmə əməliyyatının uğurlu və uğursuz keçməsi dərhal bilinirmi? Yəni necə günə bəlli olur?
- Əməliyyatın texniki modifikasiyası ilə bağlı ağırlaşmalar stepler xəttinin açılması və sızması yaxın 24 saat ərzində özünü göstərir. O zaman xəstə zatən klinikada olur. Texniki baxımdan cərrah səhvi varsa, 10 gün sonra üzə çıxmaz. Xəstəxanadan normal vəziyyətdə evə öz ayağı ilə gedən xəstədə 10 gün sonra üzə çıxan fəsad artıq sonradan yaranmış prosesdir. Bunun da subyektiv-obyektiv səbəbləri var. 
Biz əməliyyatdan sonra dünya standartlarına uyğun olaraq tikiş xəttini yoxlayırıq, xüsusi rentgenoskopik dinamik kontroldan keçiririk. Yoxladıqdan sonra digər orqanların işini izləyib, ciddi problem olmadıqda pasiyenti ambulator müşahidə altında evə yazırıq. Sonrakı dövrdə pasiyentə və ailəsinə qadağan olunacaq qidaları, rejimi, qaydaları izah edirik. Xəstə qidalanma qanunlarına ciddi əməl etməlidir. 4-5 həftə içəridəki tikişin sağalmasının ən kritik dövrüdür. 
Xəstənin qidalanmasında yol verdiyi ehtiyatsızlıq, məsələn qazlı su içməsi, pizza, kabab, bərk qida yeməsi artıq cərrahın işini heçə endirir. Bizim insanların problemi də "heç nə olmaz” deməsindədir: "Filankəs yeyirdi, heç nə olmadı, mən də yeyim”... Bizim tələblərimizlə razılaşmayan pasiyenti əməliyyat etmirik. Amma təəssüf ki, əməliyyatdan öncə razılaşan, belə deyək, həkimi yola verən, sonra öz bildiyini edən pasiyentlər də olur. Onlar həm öz səhhətlərini, həm cərrahı risk altında qoyurlar.
- Birdən xəstə evə getdi, nəfsi çəkdi əməliyyatdan 1 həftə sonra bir kotlet yedi. O zaman nə ola bilər? 
-Letal sonluq ola bilər. Yəni xəstə ölə də bilər. Dünyada bariatrik əməliyyatlarda letal statistika 3-7% arasındadır. Əsas stepler xəttinin açılmaları tez-tez baş verir. Həkimin dediyindən kənara çıxanlar, qadağalara əməl etməyənlər, kontrola gecikənlər, bir sözlə məsuliyyətsiz xəstələrdə ağırlaşmalar olur. Zatən ağır çəkili insanlarda iradə, yeməyə, özünə kontrol zəif olur ki, bu çəkiyə gəlib çatırlar. Amma əməliyyatdan sonra o xarakterdə qalmaq olmaz. Bu qədər əziyyət çəkib əməliyyat etdirirsən, niyə bir iradəsizliklə onu heçə endirirsən?
Bariatrik əməliyyatda cərrahın texniki səhvi olarsa, onu düzəltmək də asandır. Vay o gündən ki, xəstə gedir, evdə bilmədiyimiz səbəbdən nəsə baş verir, xəstə bunu gizlədir, vəziyyəti pisləşir. Onun gedişatı ağır olur. Stepler xəttində sızmalar olan zaman stend qoyulmalıdır. 4-6 həftə stend qalmalıdır. Əgər yanaşı qarın boşluğuna sızma varsa drenajlar qoyulmalıdır. Vəziyyət normallaşandan sonra stend çıxarılır. Bu vaxta kimi bizdə təcrübəmdə heç stend də qoymağa ehtiyac olmayıb. Sadəcə son xəstəmizdə qoymalı olduq. 
- Cərrahdan asılı olmayan ağırlaşmalar hansıdır? Tromb, piy emboliyası həkimlərin kabusudur deyirlər.
- Bəli, ən qorxduğumuz, tromboemboliya və piy emboliyasıdır. Piy toxumasında aparılan hər hansı əməliyyatdan sonra əmələ gələn fəsadlardan biridir. Çəkisi ağır, dərialtı piy toxuması çox olan xəstələrdə piy hissəcikləri arteriyalara düşür, ağciyər arteriyalarını tutur, nəticədə tənəffüs dayanır. O deyirlər ki, filankəs axşam yatdı, səhər ayılmadı. Bu ölümlərin kökündə də tromboemboliya dayanır. Hər hansı damarın hər hansı səbəbdən tutulması nəticəsində baş verir. Bunu öncədən bilmək olmur.
Anlamırlar ki, 160 kq-lıq insanın ağciyəri, böyrəyi, ürək qan damar sistemi necə sağlam ola bilər?
Piylənmə səssiz epidemiyadır. Şəkərli diabeti yaradır. 
- Kimlər mədə kiçiltmə əməliyyatına uyğun deyil?
- Bədən kütləsi indeksi 35-in altında olan bütün insanlara birmənalı şəkildə "yox” deyirik. Xəstə mütləq öncə diyetoloqla arıqlamağa cəhd etməlidir. Pasiyent siqaret çəkirsə, olmaz, tərgitməlidir. O xəstələrin anesteziya riski var. 
İnsan özü araşdırmalıdır, oxumalıdır, özünü bu əməliyyata hazır bilməlidir. Bacarmayacaqsa gəlməsin. Çəkisi ilə barışsın, yaşasın. Ən maraqlısı odur ki, xəstə yaxınları deyir ki, top kimi adam idi, əməliyyata getdi. 160 kq-lıq pasiyent özünü sağlam hesab edir, məndə heç nə yoxdur deyir. Anlamırlar ki, 160 kq-lıq insanın ağciyəri, böyrəyi, ürək qan damar sistemi necə sağlam ola bilər? Piylənmə səssiz epidemiyadır. Şəkərli diabeti yaradır. Ürəyin işini pozur. Oynaqlara yük düşür. D vitamini azalır. Hormonal disbalans... Saymaqla bitməz.
Bu vaxta kimi 480 pasiyent üzərində əməliyyat etmişik. Onların 90%-i əməliyyatdan sonrakı halından, həyatından məmnundur. Sağlam şəkildə həyata davam edirlər. Əksəriyyəti də qadınlardır. Bu 490 xəstədən cəmi bir xəstə ağırlaşdı, letal sonluq oldu. Hələ də onun səbəbini dəqiqləşdiririk. 
- Bəs diabet bu əməliyyatın keçirilməsinə əks göstərişdirmi? 
- Elə metabolik cərrahi əməliyyat dünyada diabet xəstələri üçün yaradılıb. Piylənmədən sonra əmələ gələn II tip Diabet xəstəliyində effektlidir. Əksinə əməliyyatdan sonra şəkər aşağı düşəcək.
 Bu gün mediamız ölüm, meyit, faciə axtarışındadır.
490 uğurlu əməliyyat etmişəm.
Hansı media yazıb, paylaşıb?  
- Həkim, son zamanlar pasiyent ölümü ilə bağlı xəbərlərin sürətlə yayılmasına və azərbaycanlı həkimlərin, xüsusən adlı-sanlı cərrahların tənqidinə, bu qədər ajiotaja, həkimlərə qarşı kampaniya, düzgün olmayan informasiyaların yayılmasına bir həkim kimi münasibətiniz? 
- Dünyanın hər bir yerində insanların, cəmiyyətin maariflənmə səviyyəsindən asılı olaraq belə şeylər olur. Bir misal çəkim, onunla da hər şey aydın olacaq. Ərəb dövlətlərindən, orta Asiya dövlətlərindən bizə pasiyentlər müraciət edir. Qətərdən gəlmiş bir pasiyent dedi ki, çoxdandır əməliyyat etmək istəyirəm, 190 kiloqrama çatdım. Sual verdim ki, niyə əvvəl gəlmədiz? Dedi, sizin saytları açanda informasiya axtarmaq üçün ancaq neqativ oxuyurdum: xəstə öldü, həkimlər öldürdü, səhv əməliyyat. Ona görə çəkinirdim. Sizin kimi həkimin uğurlarından, Azərbaycan həkiminin etdiyi əməliyyatlardan yazmırlar.
 Bu gün mediamız ölüm, meyit, faciə axtarışındadır. Bu qədər - 490 uğurlu əməliyyat etmişəm. Hansı media yazıb, paylaşıb? Gəlin, baxaq Türkiyə, İran, Avropa saytlarına. Harada "xəstəxanada filan xəstə əməliyyatda öldü” adı ilə yazı paylaşılır? Bizdə həkim yoxdur, müəllim yoxdur, alim yoxdur deyirlər. Halbuki o rəyi yazanların özünü, ailəsini, doğmalarını neçə- neçə cərrah əməliyyat edib. Onun özünü, övladını azərbaycanlı həkimlər dünyaya gətirib. 
Hər yerdə pis-yaxşı var. Almaniya həkimlərin əllərində nə qədər xəstə ölür. Əgər sübut olunarsa ki, həkim səhvi var, qanunla haqqında qərar verilir. Mətbuat sadəcə yaza bilər ki, filan həkimin filan əməliyyatı səhv etidiyi sübuta yetirildi. Yoxsa hər gün xəstəxanalarda müxtəlif səbəblərdən xəstə itirilir, hər ölüm xəbərini manşetə çıxarmaqla nə əldə edirik? Azərbaycanlılar mediada öldürən, baş kəsən, dərmanı səhv yazan kimi təqdim olunmamalıdır.
Bizdə də belə bir cərrah var 1000 ürək əməliyyatı edib, bir cərrah var qaraciyər köçürür, bir cərrah var 500 xəstəni mədə kiçiltmə əməliyyatıni uğurla edib. Heç kim yazmır. Deyirlər bu reklamdır. Bəs həmin cərrahın adını, reputasiyasını dağıdanda, biz deyirikmi niyə anti-reklam etdin. Anti-reklam edirsənsə, onda yaxşı işlərimizi də yazın. 
Biz həkimlər mənəvi olaraq yoruluruq. Həkim öz-özünə deyir ki, mənə lazım idi, bu qədər ağır işin içinə girim? Gedərəm xaricdə işləyərəm maaşım maaş, gəlirim gəlir. Biz artıq Zaqafqaziyada dünya Barriatrik cəmiyyətinə üzv olan ilk ölkəyik. Adımız elmi dərgilərdədir. Dünya barritatrik dərgisində Azərbaycanın adını görürük. 
Tibbi bilən də, bilməyən də şərh verir, rəy yazır. Heç əməliyyat etməyən insan cərrahı qınayır. 
Bütün dünya istənilən əməliyyat növlərində ölüm riskini hesablayır, yazır, qəbul edir. Təkcə biz qəbul edə bilmirik. Düşünürəm, media-həkim birliyi yaradıb, daha çox maarifləndirmə işləri aparmalıyıq. Belə xəbərlər Azərbaycanın intellektual insanını küsdürür və ümumilikdə, ölkəmizin imicinə xələldir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır