Orqan satışı: cana can qatmaq, yoxsa “can bazarı”?- İnsan öz orqanını sata bilərmi?
25 NOYABR
272

Orqan satışı: cana can qatmaq, yoxsa “can bazarı”?- İnsan öz orqanını sata bilərmi?

Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxaran vətəndaşlarla bağlı informasiyalar yayılır. İnsanlar ehtiyac ucbatından orqanlarını satışa çıxarırlar. 
Bəs, şəxsin öz orqanını satışa çıxması cinayətdirmi?
Tibb.fins.az xəbər verir ki, hüquqşünas Ruslan Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında qanunda izah edilir ki, insan orqanı heç bir halda satış predmeti ola bilməz:
"Qanunvericilikdə orqanın satışı qadağandır. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər. Burada hər hansı bir əvəzləşdirilmə ola bilməz. İnsan könüllü şəkildə öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, burada cinayət faktı var.
Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə görə, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı zamanı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Ruslan Vəliyevin sözlərinə görə, insan orqanlarının məcburi şəkildə çıxarılması insan alveridir: 
"Cinayət Məcəlləsinin 137.2-ci maddəsinə görə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə zamanı üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
137.3. maddəsinə görə isə eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsinin 144-1.2.9-cu maddəsinə görə isə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə əmlakı müsadirə olunmaqla, səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: "Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda çıxışı zamanı bildirib ki, 2004-cü ildən indiyə qədər ölkədə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib.
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
Maddə 1. Əsas anlayışlar
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra — transplantasiya) — insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi; 
insan orqan və (və ya) toxumaları — şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi; 
donor — öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs; 
resipiyent — müalicə məqsədi ilə orqan və (və ya) toxumalar köçürülən şəxs. 
Maddə 2. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı
Ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də, qan və onun komponentlərinə şamil edilmir.
Maddə 3. Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 
Transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.
Maddə 4. Transplantasiyanın qaydaları və şərtləri 
Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. Donor həddinin müəyyən edilməsi 
Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır.
Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır.  Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir. 
Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir. Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, əgər kimsə orqanını satan adama güc tətbiq etmirsə, həssas vəziyyətdə məcbur edilmirsə, burada insan alverindən söhbət gedə bilməz:
"Həmin şəxs özünə gəlir götürür. Orqan bağışlanmasının insan alveri cinayəti faktına çevrilməsi üçün mütləq üçüncü tərəf iştirak etməlidir. insan alveri cinayəti ilə bağlı xüsusi meyarlar vardır. Bu meyarlara şəxsin asılı vəziyyətə salınması, güc tətbiq etmək,  oğurluq, əvvəlcədən düşünülmüş niyyət və digərləri daxildir”.
Mehriban Zeynalova bildirib ki, qanunvericiliyə görə, orqan transplantasiyasına şəxsin yaxın doğmaları tərəfindən icazə verilə bilər:
"Əslində, orqanı könüllü hədiyyə etmək olar. Onu satışa çıxarmaq cinayətdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır