Azərbaycanda peyvənddən kimlər imtina edir? - Qanunla cərimə olunmalıdırlar
04 DEKABR
170

Azərbaycanda peyvənddən kimlər imtina edir? - Qanunla cərimə olunmalıdırlar

"Peyvəndi bəyənməməyi normal hal kimi qəbul edə bilmirəm”. 
Tibb.fins.az-ın məlumatına görə, bunu Medicina.az saytına müsahibəsində tibb elmləri doktoru, professor K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. 
N. Quliyev bildirib ki, Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır və peyvəndin əhatə dairəsi 95-97 faiz həddindədir: "Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricinin 80 faizdən yuxarı olmasını istəyir. Ancaq ölkəmizdə bu göstərici 95 faizdən də yuxarıdır. Amma bu gün az faiz də olsa, bəzi valideynlər, jurnalistlər, hətta bəzi tibb işçiləri var ki, peyvəndə yanaşmada səhvlərə yol verirlər. Onların mövqeyi tam deyil, məsələni bütöv dərk etmirlər. Ona görə mən onlara da müraciət edirəm ki, peyvəndə alternativ olmadığını nəzərə alaraq, peyvəndə hər kəs dəstək versin. 2015-ci ildə Azərbaycan həm qızılca, həm də qızılca məxmərəyinin qarşısını almağa görə Avropada 10 inkişaf etmiş ölkə sırasına çıxdı. Bu, nəyin hesabına oldu? Ancaq peyvəndə əhatənin hesabına mümkün oldu. Yaşlı nəslin nümayəndələri bilirlər ki, biz difteriya, qızılca və polimeritdən nə qədər uşaqlarımızı itirirdik. İndi bunlar məhz peyvəndin nəticəsində aradan qaldırılıb. Çox şükürlər olsun ki, bu gün bütün peyvənd materialları Azərbaycan dövləti tərəfindən alınır, bütün əhaliyə də pulsuz paylanır. Uşaqların peyvəndlənməsi dövlət tibb müəssisələrində pulsuz həyata keçirilir. Özəl tibb müəssisələri də var ki, bu işə dəstək məqsədi ilə peyvənd həyata keçirir, kimin arzusu var, uşaqlarını özəl tibb müəssisələrində peyvənd etdirir, pulun ödəyir. Amma dövlət uşaq sayına müvafiq olaraq hər il vaksin materiallarını alır, pulsuz peyvənd həyata keçirilir. Bu fürsətdən də hər kəs istifadə etməlidir. Hər valideyn bilməlidir ki, bu gün peyvənd qədər uşaqların sağlamlığının qorunmasına təsirli olan digər tibbi üsul, yaxud metod mövcud deyil”.
 
 
Baş pediatr qanunvericilikdə peyvənddən əsassız imtina edən valideynlər üçün cərimə nəzərdə tutulduğunu qeyd edib: "Uşaq poliklinikalarında peyvənddən imtina edən valideynlərin hamısından yazılı izahat alınır. Əgər mən uşağı peyvənd etmirəm, yaxud tibbi müayinədən yayındırıramsa, o halda çağırıb izahat alırlar. Bildirilir ki, uşaq bir vətəndaşdır, cəmiyyətdə yaşayır, peyvənd olmasa, bir xəstəliyə tutulacaq, başqalarını da yoluxduracaq. Yazılı izahat tələb olunr ki, peyvənddən imtinanı əsaslandırsın. Bu yolla belə valideynlərin çoxunu başa salmaq, yola gətirmək olar. Amma insanlar özü də bu məsələlərdə aktiv mövqedə olmalı, hərəkətlərin mənasını dərk etməlidirlər. Yoxsa "mənim kefim belə istəyir” deməyi heç kim qəbul etmir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır