Pasiyentin hüquqları qanunla tənzimlənəcək
05 FEVRAL
126

Pasiyentin hüquqları qanunla tənzimlənəcək

“Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır.

Tibb.fins.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Səhiyyə komitəsindən məlumat verilib.

Qeyd edilib ki, bu sənəd pasiyentin hüquqlarının təminatı və qorunmasının, sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Həmçinin, qeyd olunub ki, sənəddə pasiyentin tibbi yardım almaq, yaşamaq, ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığın qorunması, tibbi məlumat almaq, sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları, tibbi müdaxiləyə razılığın verilməsi qaydası, tibbi müdaxilədən imtina, tibbi ekspertiza, şikayət etmək, pasiyentlərin vəzifələri, qanunun pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapacaq.

Bu yerdə qeyd edək ki, hələ 2012-ci ildə MM-in o zamankı Sosial siyasət komitəsi (indiki Əmək və sosial siyasət komitəsi) tərəfindən belə bir qanun layihəsi hazırlanmış, ilkin müzakirələrə çıxarılmışdı. Dörd fəsil, 32 maddədən ibarət olan həmin qanun layihəsi hazırlanarkən bu sahədəki dünya təcrübəsi yaxından öyrənilmişdi. Sonradan qanun layihəsi maliyyə tutumlu olduğu üçün onun müzakirələri təxirə salınmışdı. Ancaq adıçəkilən komitədən verilən məlumata görə, hazırda həmin qanun layihəsinin yenidən hazırlıqlarına başlanılıb  və yaxın vaxtlarda ilkin variantda müzakirələrə çıxarılması gözlənilir.

Onu da qeyd edək ki, hazırda pasiyentlərin hüquqları ölkə Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır