Dünya Hepatitlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib
30 İYUL
594

Dünya Hepatitlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 28 iyul - Dünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bu günün qeyd edilməsinin önəmi, eləcə də hepatitin törətdiyi fəsadlar, ona qarşı mübarizə yolları, bu virusun yayılma səbəbləri, həmçinin müalicəsi barədə məlumat verib.

M.Kazımi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını diqqətə çatdırmaqdır. Dünya Hepatitlə Mübarizə Günü bütün dünyada olduğu kimi, Azərbaycanda da qeyd edilir. Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssisələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması bir növ xatırlatma xarakteri daşıyır ki, insanlar bu problemin nə qədər aktual və ciddi olduğunu anlasınlar. Diqqətə çatdırılıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da Hepatit B və Hepatit C viruslarından əziyyət çəkən xəstələr var. Bu xəstələrin böyük əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır. Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə müəyyən zaman çərçivəsində ən ciddi fəsadlardan birinə səbəb olurlar. Belə olan halda həmin xəstələr zamanında müalicə edilməlidirlər. Həmçinin xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar. Hepatit B virusuna qarşı bütün dünyada illərdir artıq istifadə edilən, həmçinin ölkəmizdə də olan Hepatit B əleyhinə peyvəndlər var. İnsanlar, həmçinin bütün tibb işçiləri daxil olmaqla hepatit əleyhinə mütləq peyvənd vurdurmalıdırlar. Hepatit B əleyhinə peyvənd vurulduğu zaman insanların hepatit B virusuna yoluxma riski 0-a bərabər olur. Peyvənd vurulmadığı halda, insanlar Hepatit B virusuna yoluxur və nəticədə bu, qaraciyər xərçəngi, qaraciyər serrozu kimi ciddi fəsadlara səbəb olur. Hepatit B əleyhinə peyvəndləmə məqsədilə ölkəmizdə uşaqlar doğulduğu zaman doğum evlərində onlara peyvəndin ilk dozası vurulur. Lakin sonrakı dozası bir çox hallarda vurulmur. Valideynlər bu məsələyə qeyri-ciddi yanaşırlar. Yəni, növbəti peyvəndləmə prosesinə uşaqları aparmırlar. Hepatit B virusu elə bir virusdur ki, bu, nəinki insanların bildiyi qanla və cinsi yolla, eyni zamanda, ailədaxili münasibətlərdə də yoluxa bilir. İnsanlar Hepatit B virusuna adi bədən suları, tər, öpüş və məişətdəki digər ünsiyyət vasitələri ilə yoluxa bilirlər. Ona görə də Hepatit B əleyhinə peyvəndlərin vurulması mütləqdir. Bu peyvəndlər vurulduğu zaman xəstələr özlərini ciddi risklərdən qorumuş olurlar.

Təəssüf ki, Hepatit C virusuna qarşı istifadə olunan peyvənd yoxdur. Lakin bu, araşdırma mərhələsindədir. Hazırda isə Hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları artıq keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsilə tamamilə aradan qaldırılması şansı var. Buna baxmayaraq, Hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarır. Hospitalda əməliyyat olunan xəstələrin arasında təxminən 750-yə yaxın insana orqan transplantasiyası edilib. Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası olan xəstələr var. Qaraciyər transplantasiyası edilən xəstələrin 52-55 faizi Hepatit B və C viruslarına yoluxmuş xəstələrdir. Əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır ki, onlarda bundan sonra Hepatit B və C viruslarına yoluxma ehtimalı yarana bilərmi!? Bu əməliyyatın əhəmiyyəti varmı? Bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların yenidən əmələ gəlib orqanı sıradan çıxarma ehtimalı az da olsa, var. Amma Hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrə əməliyyatdan əvvəlki müddətdə xüsusi müalicə verilir və bu müalicənin təsiri altında Hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür. Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrə isə eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda Hepatit B virusunu təmizləyir və bu xəstələr sağalır.

Bir qrup xəstələr də var ki, Hepatit B virusundan əziyyət çəkdikləri halda onlara əlavə virus, Hepatit D virusu da qoşulur. Bu halda da xəstələrə orqan köçürülməsi olar. Hospitalın xəstələri arasında hepatit D virusuna yoluxmuş xəstələr də var. Hepatit B virusu təmizlədikdə hepatit D virusu da avtomatik təmizlənir və xəstələr sağlam həyata qovuşurlar. Hepatit B virusuna qarşı vurulan peyvəndlər 95 faiz insanların gələcək həyatında onları bu virusdan qorumuş olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır