Tibb Universitetinin rektoru tələbələrlə görüşüb
31 İYUL
498

Tibb Universitetinin rektoru tələbələrlə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli III Beynəlxalq ali məktəblərarası GxP sammitində uğurla iştirak edən universitetin tələbələri ilə görüşüb.

Qeyd edək ki, universitetin əczaçılıq fakültəsinin tələbələri, magistrantları və doktorantları iyulun 3-dən 5-dək Rusiyanın Yaroslavl şəhərində keçirilmiş “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” adlı III Beynəlxalq ali məktəblərarası GxP sammitində iştirak ediblər. Sammitdə universiteti Rufana Usubova, Firuzə Məmmədova, Humay Məmmədova, Nigar Paşayeva və Qəmər Məmmədbəyli təmsil ediblər. Universitetin mətbuat xidmətindən bildiriblər ki, sammitin iştirakçıları beynəlxalq tədbir haqqında təəssüratlarını rektorla bölüşüblər. Humay Məmmədova ATU nümayəndə heyətinin uğurları, sammitin yekunları haqqında rektora ətraflı məlumat verib. O, bildirib ki, sammitdə iştirak tələbələrin bilik və praktiki bacarıqlarının artırılması baxımından çox əhəmiyyətli olub. H.Məmmədova iştirakçı tələbələr adından səfərin təşkilinə görə ATU rəhbərliyinə minnətdarlığını bildirib.

Professor Gəray Gəraybəyli universitetin rəhbərliyi adından sammitdə aktiv iştirak edən tələbələrə təşəkkürünü bildirib. O, gələcək həkimlərin təcrübi biliklərini təkmilləşdirməsi üçün bu cür beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həmçinin belə tədbirlərin yeni əlaqələr qurmaq üçün də mühüm olduğunu qeyd edib. Rektor tələbələrə gələcəkdə daha böyükmiqyaslı beynəlxalq tədbirlərdə ATU-nu layiqli təmsil etməyi arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır