SƏNAYE

27 November
170

Aslanbəyli: "Bu ilin sonunadək AÇG-dən 500 milyon ton neft hasil ediləcək"

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu ilin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 500 milyon ton neft hasil etməyi planlaşdırır. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

“Bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən500milyon ton neftin hasilatıdır. Təbii ki, bu hasilat tempinə bağlıdır, ilin sonu və ya gələn ilin əvvəlində ola bilər. Bu, AÇG-nin 25 illiyi qədər əhəmiyyəti olan hadisədir”, - deyə o, bu gün jurnalistlərə bildirib.

Vitse-prezident qeyd edib ki, 2020-ci il üçün AÇG layihəsinin büdcəsi və iş proqramı artıq təsdiqlənib.

Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür. Cari ilin yanvar-sentyabr aylarında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 148 milyon barrel (20 mln. ton) neft hasil edilib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.